Vladimir Levin: "Əsas fiziki formamızı bərpa etməkdi,oyunumuzu yaxşılaşdırmaqdı" PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
30.01.12 13:59

alt   Futbol üzrə Azərbaycan yığmasının və “İnter”in müdafiəçisi Vladimir Levin müsahibəsində komandasının Türkiyə toplanışından, eləcə də yoxlama oyunlarından danışıb.

- “Volın”la son oyununuzu (0:0) necə dəyərləndirərdiz?


- Pis görünmürdük. Bu vaxta qədərki oyunlarla müqayisədə daha yaxşı təsir bağışladıq. Rəqibin daha ciddi olmasını da xüsusi qeyd etmək lazımdı. Qolsuz da olsa, uğurlu oyun alındı. Qol vəziyyətləri də var idi.

- Bütövlükdə, toplanış necə gedir?


- Əgər əvvəlki günlərdə daha çox qaçırdıqsa, indi əsasən toplu çalışmalara üstünlük veririk. Çempionata kimi formaya düşəcəyik.

- Siz “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin  müsahibəsini oxumusuz?


- Bəli.

- O, deyir ki, “Neftçi”ni udmaq üçün “İnter” gecə-gündüz məşq etməlidi...


- Əlbəttə! Gecə saat 2-də də məşqə çıxırıq. (gülür)

- Rəqiblərinizin belə açıqlamaları sizi çempionat haqda düşünməyə məcbur edir?


- Artıq düşünürük. İndi əsas fiziki formamızı bərpa etməkdi, oyunumuzu yaxşılaşdırmaqdı. Biz bilirik ki, altılıqda çox çətin oyunlarımız olacaq.

- Çempionluq uğrunda mübarizə “Neftçi”, “Xəzər Lənkəran” və “İnter” arasında gedəcək?


- Bu, məlum deyil. Siz özünüz də başa düşürsüz ki, altılıqda hər oyun altı xallıq əhəmiyyətə malik olur. İkisini uduzursan, turnir cədvəlinin aşağısına düşürsən, əksi olanda üstə qalxırsan.

- Fevralın 10-da evə qayıdırsız, amma ardından yenə Dubay toplanışı var...


- Bu, hələ tam dəqiqləşməyib.

- Azərbaycan yığmasının oyunçusu kimi Dubayda baş tutacaq Fələstin və Sinqapurla sınaq matçları barədə nə düşünürsüz?


- Düzünü deyim ki, Fələstin və Sinqapur yığmaları haqda məndə heç bir informasiya yoxdu. Şadam ki, yenidən bir araya gəlmək imkanımız olacaq. Çoxdan görüşmürük, birgə məşq etmirik.

- Yığma üçün ilin ilk oyunları həmişə vacibdi...


- Razıyam. Yığma komanda klublar qədər tez-tez oynamır. Ona görə burdakı istənilən oyun vacibdi. Əlbəttə, yığmada oynamağın özü də böyük bir şərəfdi.

- DÇ-2014-ün startı ərəfəsində yəqin ki, yığmadakı yerinizi itirmək istəmirsiz...


- Təbii ki, mən çalışacağam. Amma seçimi mən etmirəm. Mənim işim məşq etməkdi. Yığmanın isə öz baş məşqçisi var.

- Sizcə, növbəti seçmə tsikldəki qrupumuz əvvəlkindən çətindi?


- Heç bilmirəm hansı daha çətindi. Məncə, hər şey nəticələri müqayisə edərkən bilinəcək.

Azerisport.com